Close

17:29
16 Mart 2025

“Amerikanın səsi” kəsildi

“Amerikanın səsi” radiostansiyası 1300-dən çox əməkdaşını inzibati məzuniyyətə göndərib.

TNS xəbər verir ki, bu barədə qurumun direktoru Maykl Abramovits açıqlama yayıb.

O bildirib ki, “Amerikanın səsi” 83 ildə ilk dəfə yayımını dayandırıb:

“Mən bu gün səhər öyrəndim ki, “Amerikanın Səsi”nin faktiki olaraq bütün heyəti - 1300-dən çox jurnalist, prodüser və köməkçi heyət inzibati məzuniyyətə buraxılıb”. 

Həmçinin, “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.

Qeyd edək ki, məsələ ABŞ Prezidenti Donald Trampın daha əvvəl verdiyi qərarla bağlıdır. O, ABŞ Qlobal Media Agentliyinin (USAGM) işçi heyətinin ixtisara salınmasını tapşırmışdı. Həmin agentlik 49 dildə yayımlanan beş böyük media korporasiyasına, o cümlədən "Azad Avropa/Azadlıq Radiosu" və "Amerikanın Səsi"nə nəzarət edirdi. Bundan əlavə, "Azad Avropa/Azadlıq Radiosu"nun maliyyələşdirilməsini təmin edən qrantın da dayandırıldığı məlum olub, baxmayaraq ki, ABŞ Konqresi bu vəsaiti təsdiqləmişdi.