Əsədin pulları Suriya üçün istifadə ediləcək

Avropa Parlamentinin (AP) üzvləri Bəşər Əsədin dondurulmuş aktivlərinin Suriyanın siyasi keçidinə və yenidən qurulmasına dəstək üçün istifadə edilməsinə razılıq veriblər.
TNS xəbər verir ki, qanun layihəsi lehinə 462, əleyhinə 76 səslə qəbul edilib.
Suriyada 500 min insanın məcburi köçkünə çevrildiyi və əhalinin 90 faizinin yoxsulluq içində yaşadığı üçün Avropa İttifaqı və üzv dövlətlərin ölkədə humanitar yardım səylərini davam etdirməyə çağırış edilib.
Həmçinin 5,5 milyon suriyalı qaçqına ev sahibliyi edən 5 qonşu ölkənin də maddi cəhətdən dəstəklənməsi lazım olduğu bildirilib.
Qeyd edək ki, Əsədin dondurulmuş aktivləri ilə bağlı müxtəlif iddialar var. Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, Əsədin Londonda dondurulmuş bank hesabında təxminən 69,4 milyon dollar (təxminən 55 milyon funt sterlinq) var. Bu hesab Böyük Britaniyanın 2011-ci ildə tətbiq etdiyi sanksiyaların bir hissəsi kimi dondurulub və o vaxtdan bəri faizlər yığılmağa davam edir. Həmçinin Əsəd ailəsinin və müttəfiqlərinin Böyük Britaniyada ümumi dəyəri 163 milyon funt-sterlinq (təxminən 206 milyon dollar) olan aktivlərinin olduğu iddia edilir.
Əsəd ailəsinin dünya üzrə ümumi sərvətinin təxminən 2 milyard dollar olduğu təxmin edilir. Bu sərvətin bir hissəsinin Moskvada dəbdəbəli göydələnlərdə yerləşən 18 mənzilə yatırıldığı iddia edilir.