Close

19:21
12 Mart 2025

Misir XİN başçısı Qətərin Baş naziri ilə Qəzza sövdələşməsini müzakirə etdi

Misirin xarici işlər naziri Bədr Əbdül Ati Dohada Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə edib.

TNS xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Qəzza zolağında atəşkəs razılaşmasının icrasını müzakirə edib və qeyd ediblər ki, Qəzza sakinlərinin təcili ehtiyac duyduğu humanitar yardımın anklava təchizatını bərpa etmək lazımdır”, - xüsusi press-relizdə deyilir.

Qeyd edək ki, İsrail və Fələstin HƏMAS hərəkatı arasında dolayı danışıqların yeni raundunun martın 12-də Dohada Qətərin vasitəçiliyi və ABŞ administrasiyası nümayəndələrinin iştirakı ilə keçiriləcəyi gözlənilir. Misirin xarici işlər nazirinin də Qəzza ilə bağlı məsləhətləşmələrdə iştirak etməyi planlaşdırıb-planlaşdırmadığı hələlik məlum deyil.

Xatırladaq ki, dünən HƏMAS nümayəndəsi Əbdül Rəhman Şadid danışıqların başlandığını elan edib və bunun sazişin ikinci mərhələsi üzrə tamhüquqlu danışıqlara başlamaq istiqamətində əhəmiyyətli irəliləyişlərə səbəb olacağına inandığını söyləyib.