Close

16:53
03 Mart 2025

"Qızıl qollu adam" ölüb - 2 milyon uşağı xilas edib

Dünyanın ən böyük qan donorlarından biri kimi tanınan və plazması ilə 2 milyondan çox körpənin həyatını xilas edən Ceyms Harrison 88 yaşında vəfat edib.

TNS xarici mediaya istinadən xəbər verir ki, o, Avstraliyanın Yeni Cənubi Galler əyalətindəki qocalar evində yuxuda ölüb.

Avstraliyada "qızıl qollu adam" kimi tanınan Harrisonun qanında Anti-D adlı nadir anticisim var idi.

Harrison 14 yaşında döş qəfəsindən əməliyyat olunarkən ona qan koçürülməsindən sonra donor olmaq qərarına gəlib.18 yaşından isə plazma bağışlamağa başlayıb və 81 yaşına qədər hər iki həftədən bir donorluq etməyə davam edib. 2005-ci ildə o, dünyanın ən yaxşı plazma donoru kimi rekord qırıb. 2022-ci ilə qədər bu titulu saxlasa da, ABŞ-də başqa bir donor onu geridə qoyub.

Harrisonun qanında niyə belə yüksək Anti-D tərkibi olduğu dəqiq bilinmir. Ancaq bəzi məlumatlara görə, bu, 14 yaşında ona qan köçürülməsi ilə əlaqəli ola bilər.

Qeyd edək ki, anti-D peyvəndləri ölümcül xəstəliklərin qarşısını alır.

Anti-D peyvəndləri dölün və yenidoğanın hemolitik xəstəliyi (HDFN) kimi tanınan ölümcül qan xəstəliyinin qarşısını almaq qabiliyyətinə malikdir.

Bu xəstəlik ananın qırmızı qan hüceyrələri inkişaf edən körpənin qan hüceyrələri ilə uyğun gəlmədikdə baş verir. Ananın immunitet sistemi körpənin qan hüceyrələrini bir təhlükə olaraq görür və onlara hücum edən anticisimlər istehsal edir. Bu, körpəyə ciddi zərər verə, ağır anemiya, ürək çatışmazlığı və ya ölümlə nəticələnə bilər.