Almaniyada seçkinin qalibi müəyyənləşdi

Almaniyada keçirilən növbədənkənar federal seçkilər Xristian Birlik (CDU/CSU) ittifaqının qələbəsi ilə başa çatıb.
TNS xəbər verir ki, Birlik seçicilərin 28,4 faizinin səsini toplayaraq birinci olub. İkinci sırada isə 2021-ci ildəki seçkilərdən sonra böyük sıçrayış əldə edən Almaniya üçün Alternativ partiyası (Afd) olub. Dörd il əvvəl 9,7 faiz səs toplayan AfD bu dəfə 20,1 faiz səslə ikinci sırada qərarlaşıb. Kansler Olaf Şoltsun təmsil etdiyi Sosial Demokrat Partiyası (SPD) isə sonuncu seçkilərlə müqayisədə ağır itki ilə üzləşib. 2021-ci ildə 25,7 faiz səslə qalib gələn SPD builki səsvermədə cəmi 16,3 faiz səs toplaya bilib. Yaşıllar partiyası 12,4, Sol Partiya 8,8, Azad Demokrat Partiyası (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) 5 faiz səs yığıb.
Seçkilərdə qalib gələn Birlik ittifaqını hökuməti formalaşdırmaq üçün çətin koalisiya danışıqları gözləyir. İttifaqın namizədi Fridrix Merts dünyanın üçüncü, Avropanın isə ən böyük iqtisadiyyatı olan Almaniyanın iqtisadi durğunluq, geosiyasi dəyişikliklərə reaksiya verilməsi, miqrasiya siyasəti, Almaniyanın müdafiə siyasəti və digər sahələrdə ciddi durğunluğun və çətinliklərin olduğu bir şəraitdə yeni hökumət qurmalı və bu məsələlərə həll yolu tapmalıdır.