Hollivud filmlərindəki gizli mesajlar: əslində nəyi təbliğ edirlər?

Hollivud sadəcə əyləncə sənayesi deyil, eyni zamanda insanlara mesajlar vermək üçün güclü bir vasitədir.
TNS xarici KİV-də bu barədə səsləndirilən bəzi fikirləri təqdim edir:
"Yeni dünya düzəni" anlayışı ətrafında formalaşan konspirasiya nəzəriyyələrində Hollivud filmlərinin gizli mesajlar verdiyi iddia olunur. Bildirilir ki, Hollivud filmləri insan psixologiyasına təsir edən, sosial və siyasi düşüncələri istiqamətləndirən güclü təsiredici vasitədir. Filmlər vasitəsilə yeni texnologiyaları, ideologiyaları və ya siyasi dəyişiklikləri insanlara təqdim edib, cəmiyyəti onlara alışdırmaq mümkün olur.
Məsələn, "1984" (1984) və "V for Vendetta" (2005) filmləri totalitar rejimlər və hakimiyyətin cəmiyyətə təsiri haqqında mesajlar verir.
"The Matrix" (1999) reallıq anlayışını sorğulamağı aşılayır, texnologiyaların insan üzərindəki nəzarətini vurğulayır.
Yaxud "Contagion" (2011) filmi “COVID-19”dan illər öncə qlobal bir pandemiyanının proqnozunu vermirdimi?
Bu filmlər sosial manipulyasiya, gizli hökumət planları və ya elitar qurumların cəmiyyət üzərində yaratdığı təsirlər haqqında nəzəriyyələri təbliğ edirmi? Yoxsa, bu, sadəcə bir əyləncədirmi?
Konspirasiya tərəfdarlarının fikrincə, bəzi Hollivud filmlərində yeni dünya düzəni (New World Order - NWO) haqqında gizli mesajlar var. Bu sənət əsərlərində illuminati simvolları, pramidalar, göz fiqurları ("All-Seeing Eye"), 666 kimi rəqəmlər və mümkün olan subliminal mesajlar görünür.
1999-cu ildəistehsal olunan "Eyes Wide Shut" filminin gizli elit cəmiyyətlərin ritualları və sirli yığıncaqları haqqında mesajlar verdiyi iddia olunur. Bütün dünyanın bir nəzarət mexanizmi olduğunu vurğulayan "The Truman Show" (1998) filmi isə bəziləri tərəfindən gizli idarəetmə sisteminin bir rəmzı olaraq görülür.
"Captain America: The Winter Soldier"in (2014) dövlətlərin kütləvi nəzarət və manipulyasiya planları haqqında mesajlar verdiyi düşünülür. Bəzi təhlilçilər bu növ mesajların sadəcə sənət çərçivəsində yaradıldığını, tamaşaçıları düşünməyə sövq etdiyini bildirir. Digər tərəfdənsə, konspirasiya nəzəriyyələrinə inanınlar bu filmlərin məhz gələcək dünya düzənini insanlara təqdim etdiyini, yeni dünya sisteminə alışdırmaq məqsədi daşıdığını söyləyir.
Hollivud filmləri reallığı əks etdirir, yoxsa reallığı formalaşdırır?
Bu sualın cavabı fərqli baxış bucaqlarından asılıdır. Filmlərin bizə mesajlar verdiyi aydındır, amma bu mesajlar sadəcə, yaradıcı ssenari sənəti çərçivəsindədir, yoxsa, daha dərin məqsədlər daşıyır? Bunun cavabını tapmaq isə tamaşaçının analiz qabiliyyətindən asılıdır.
Zarufa