"İrəvanın üçtərəfli razılaşmalardan çıxması barədə eşitməmişəm"
"Rəsmi İrəvanın özünü daha üçtərəfli razılaşmaların bir hissəsi hesab etmədiyini dediyini eşitməmişəm".
TNS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə "Baku TV Ru" telekanalının baş redaktoru Nata Osmanlının erməni tərəfinin hazırda məhəl qoymadığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə, yəni Zəngəzur dəhlizi ilə kommunikasiyaların açılmasına hazır olub-olmaması barədə məsələyə münasibət bildirməsi ilə bağlı sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli razılaşmalardan çıxmayıb.
"Əgər bu sənədlərin artıq aktual olmadığı açıqlanmayıbsa, imzalanmış bəyanatlardan çıxılmayıbsa və imzanın geri götürülməsi baş verməyibsə, deməli, bütün bunlar ölkə rəhbərinin imzaladığı bəyanatın bir hissəsidir", - Zaxarova qeyd edib.