Trampın Ukrayna və Rusiya üçün “kök və çubuq” strategiyası
ABŞ Prezidenti Donald Tramp Kiyev və Moskvanı münaqişəyə son qoymağa inandırmaq üçün “yerkökü və çubuq” strategiyasına əl atmalı olacaq.
TNS xəbər verir ki, bu barədə “The Times”ın məqaləsində bildirilir.
"Nə Ukrayna, nə də Rusiya sadəcə ABŞ-nin lideri dəyişdiyi üçün əhəmiyyətli itkilərdən sonra müharibəni dayandırmağa razı olmayacaqlar. Tramp sülhə nail olmaq üçün siyasi çeviklik nümayiş etdirməli olacaq",- məqalədə deyilir.
“The Times” qeyd edir ki, Rusiya üçün mümkün “çubuq” Hindistan və Çin də daxil olmaqla, Moskva ilə ticarəti davam etdirən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar ola bilər. Həmçinin, Vaşinqtonun Rusiyanın (və İranın) neft və qaz ixracından əldə etdiyi gəlirləri zəiflətmək üçün dünya bazarını ABŞ-nin enerji resursları ilə doyurmaq təhdidləri də var. Bununla belə, Rusiya iqtisadiyyatının bu cür hərəkətlərə həssaslıq dərəcəsi sual altında qalır.
Digər tərəfdən, Kiyev üçün “yerkökü” yeni silah tədarükü ilə ifadə oluna bilər. Lakin bunun müqabilində Vaşinqton çox güman ki, Ukraynadan kişilər üçün hərbi xidmətə çağırış yaşının 18-dən 25-ə qaldırılmasını tələb edəcək.
"Prezident Zelenski üçün bu, qırmızı xətti keçmək ola bilər"- deyən qəzet, əhalinin müharibədən yorulması səbəbindən ölkənin artıq səfərbərlikdən kütləvi şəkildə yayınma problemi yaşadığına diqqət çəkib.
Nəşrin fikrincə, ən ağrılı şərt Trampın Kiyevə ərazi güzəştləri ilə bağlı təzyiqi olacaq.
"Ukrayna üçün bu, öz ərazisinin beşdə birinin faktiki (hüquqi olmasa da) itirilməsi demək ola bilər - Qərbin ölkənin qalan hissəsi üçün təhlükəsizlik zəmanəti ilə şirinləşdirilə bilən acı həb", - “The Times” yazır.
Nəşr belə bir zəmanətin Ukraynada Amerika və Avropa qüvvələrinin yerləşdirilməsini də əhatə edə biləcəyini təklif edir, baxmayaraq ki, Tramp özü belə niyyətlərini heç vaxt təsdiqləməyib və onun bəyanatları bunun əksini göstərir.
“The Times” hesab edir ki, Putin belə bir nəticəni “ilhaq edilmiş ərazilər sayəsində” qələbə kimi təqdim edə bilər.
Qeyd: "Yerkökü və çubuq" üsulu kimi tanınan mükafat və cəza üsulu müxtəlif təsir və ya stimullaşdırma üsullarını birləşdirən bir üsuldur: mənfi ("çubuq") və müsbət ("yerkökü").