Close

21:43
18 Yanvar 2025

"Ərəb Dövlətləri Liqasına qayıdacağımıza ümid edirik"

Dəməşqin yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasının Suriya xalqının iradəsini dəstəkləyəcəyinə və ölkənin regional təşkilata qayıdacağına ümid edir.

TNS TASS-a istinadən xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani təşkilatın baş katibinin köməkçisi Hüsam Zəkinin başçılıq etdiyi nümayəndə heyəti ilə Dəməşqdə görüşdən sonra bildirib.

"Ümid edirik ki, Ərəb Dövlətləri Liqası Suriya xalqının iradəsini dəstəkləyəcək və tezliklə ora qayıdacağıq", - o qeyd edib.

Dəməşqin Ərəb Dövlətləri Liqasına üzvlüyü 2011-ci ilin noyabrında silahlı münaqişəyə çevrilən daxili böhranın pik nöqtəsində dayandırılıb. 2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra bir çox ərəb dövlətləri Suriya ilə yaxınlaşıb və ona böyük humanitar yardım göstərib. 2023-cü il mayın 7-də Ərəb Dövlətləri Liqasının Şurası Qahirədə keçirilən təcili iclasda Suriyanın regional birliyə qayıtması barədə qərar qəbul edib. Suriyanın keçmiş lideri Bəşər Əsəd 2023-cü il mayın 19-da 2010-cu ildən bəri ilk dəfə olaraq təşkilatın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən sammitində iştirak edib.