Close

21:43
18 Yanvar 2025

İranda öldürülən hakimlərlə bağlı yeni detallar

Bu gün səhər saatlarında Tehranda Ali Məhkəmədə sui-qəsdə məruz qalan hakimlər milli təhlükəsizliyə qarşı cinayətlər, casusluq və terrorizmdə şübhəli bilinənlərin işlərinə baxırdılar.

TNS xəbər verir ki, bu barədə "Donya-e-eqtesad" nəşri məlumat yayıb.

Bildirilir ki, qətlə yetirilən Höccətül-islam Razini Ali Məhkəmədə 39-cu şöbənin, Höccətül-islam Muqəyyəsə isə 53-cü şöbənin rəhbərləri olub.

Qeyd edək ki, atışma zamanı Miri adlı daha bir hakim və bir cangüdən yaralanıb. Onların vəziyyəti barədə məlumat verilmir.

İlkin araşdırmalara görə, qatil nə məhkəmədə cinayət işi olan, nə də şikayətçi statusunda olan bir şəxs imiş.

Yeri gəlmişkən, hakim Raziniyə qarşı bundan əvvəl də sui-qəsd cəhdi olub. Həmin vaxt o yaralanmışdı.

Hökumət baş verənləri terror aktı kimi qiymətləndirir.