Qəzzada sülhə keçid necə olacaq?- 10 bənddə izah

Qəzzada İsrail qüvvələri ilə 15 aydır, davam edən müharibəyə son qoyulması və qalan girovların azad edilməsi üçün əldə edilən atəşkəs razılaşması ilə bağlı keçid planı 42 gün ərzində formalaşdırılacaq.
TNS xəbər verir ki, bu barədə "Habertürk" yazarı Nagehan Alçı məqaləsində bildirib.
Nagehan Alçı İsrail ilə HƏMAS arasında ara-sıra vasitəçilik edən fəal və israilli köşə yazarı Gerşon Baskindən əldə etdiyi məlumatları 10 bənddə belə açıqlayıb.
1. Hücumu müvəqqəti dayandırmaq
Tərəflər hərbi əməliyyatları müvəqqəti dayandıracaq. İsrail qüvvələri Qəzzanın sıx məskunlaşdığı ərazilərdən sərhədə doğru çəkiləcək (Netzarim xətti və Küveyt meydanı daxil olmaqla).
2. Hava hərəkətinin məhdudlaşdırılması
Hərbi və kəşfiyyat uçuşlarının gündə 10 saata endiriləcək, girovların və məhbusların dəyişdirildiyi günlərdə bu müddət 12 saata qədər artırılacaq.
3. Məhbus dəyişimi və geri çəkilmə
7-ci gün: 7 fələstinli məhbus azad edildikdən sonra İsrail qüvvələri Əl-Rəşiddən şərqə doğru çəkiləcək. İlk gündən buraya humanitar yardımlar daxil ola biləcək. Evlərini tərk edənlər silahsız qayıda biləcəklər.
22-ci gün: İsrail qüvvələri Qəzzanın mərkəzindən sərhədə yaxın ərazilərə çəkiləcək. Evlərini tərk edənlər öz evlərinə qayıtmağa davam edəcəklər.
4. Humanitar yardım
İlk gündən Qəzzaya gündəlik 600 yük maşını daxil olacaq ki, bunun da 50-si yanacaq daşıyıcısı olacaq. Dərman, qida və çörək zavodları və xəstəxanalar üçün ləvazimat kimi əsas ehtiyaclar çatdırılacaq.
5. Mübadilə
HƏMAS 33 girovu (ölü və ya diri) azad edəcək.
Azad edilən hər israilli üçün İsrail 30 fələstinli uşaq və ya qadını azad edəcək.
Sərbəst buraxılan hər bir İsrail əsgəri üçün 50 fələstinli məhbus azad ediləcək.
Azad edilmə xəritəsi
1-ci gün: HƏMAS 3 mülki girovu azad edəcək.
2-ci gün: HƏMAS daha 4 girovu azad edəcək.
Daha sonra 7 gündən bir daha 3 nəfər buraxılacaq, qadınlara üstünlük veriləcək.
6-cı həftədə HƏMAS bütün girovlarını azad edəcək. İsrail də buna qarşılıq verəcək.
İsrail oktyabrın 7-dən bəri saxlanılan bütün qadınları və azyaşlıları 6 həftə ərzində azad edəcək.
6. Şərtlər
Hərbi əməliyyatların dayandırılması, geri çəkilmə, humanitar yardım şərtlərinə riayət edilməsi girovların qaytarılmasının davam etdirilməsi üçün ilkin şərtlərdir.
Azad edilmiş fələstinli məhbuslar eyni cinayətlərə görə yenidən həbs edilə bilməz və ya onların azadlığa buraxılması üçün şərtlər qoyula bilməz.
7. İkinci mərhələyə keçid şərtləri
5-ci həftədə razılaşma yekunlaşacaq.
8. Sülhə daimi keçid
Bütün məhbuslar və girovlar azad olunana qədər daimi sülh əldə olunacaq.
İsrail Qəzzanı tamamilə tərk edəcək.
9. Son mübadilələr və infrastruktur quruculuğu
Tərəflər ölənlərin meyitlərini qarşılıqlı olaraq qaytaracaqlar.
3-5 il ərzində Qəzzanın yenidən qurulması üçün hərtərəfli plan həyata keçiriləcək. Misir, Qətər və BMT müşahidəçi qismində çıxış edəcək.
10. Hərəkət və ticarət azadlığı
Növbəti 42 gün ərzində sərhədlər hərəkət və ticarət üçün açılacaq.