İran deputatları Ermənistana gediblər
İran parlamentinin Ermənistanla dostluq qrupunun üzvləri İrəvana səfər ediblər.
TNS xəbər verir ki, Ermənistan-İran dostluq qrupunun sədri Narek Babayan iranlı həmkarları ilə görüşündə Ermənistanın dost İranla çoxəsrlik əlaqələrə və hərtərəfli əməkdaşlığın dərinləşməsinə böyük əhəmiyyət verdiyini bəyan edib.
Bu kontekstdə qarşılıqlı anlaşma və etimad üçün unikal körpü kimi dostluq qruplarının rolunun mühüm olduğu vurğulanıb. Dostluq qrupunun rəhbəri ikitərəfli iqtisadi əməkdaşlığın zəruriliyindən və bir çox sahəvi layihələrin həyata keçirilməsinin zəruriliyindən ətraflı danışıb.
Narek Babayan regional sülh amilini vurğulayaraq qeyd edib ki, Ermənistan İranın bununla bağlı yanaşmasını yüksək qiymətləndirir.
Dostluq qrupunun sədri deyib: “Bölgədə iqtisadi infrastrukturların açılması hökumətlərimizin prioritet istiqamətlərindən biridir. Bizim bu məsələ ilə bağlı fikirlərimiz "sülh qovşağı" layihəsində ümumiləşdirilib və İran öz müsbət rəyini bildirib və bu layihəni alqışlayıb. Hesab edirik ki, İran da bu layihənin həyata keçirilməsində əsas rol oynamalıdır”.
Narek Babayan qonşu dövlətlərlə münasibətlər kontekstində Azərbaycanla münasibətlərin normallaşması prosesinin təfərrüatlarına toxunub və bunları qeyd edib:
“Regional sülhün birgə məsuliyyət tələb etdiyini anlayan Ermənistan bu prosesdə regionun digər aktorlarının da iştirakını gözləyir”.
İran parlamentinin İran-Ermənistan dostluq qrupunun sədri Ara Şahverdyan da ikitərəfli gündəliyin irəliləyişində parlament formatında əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.