Close

14:55
10 Yanvar 2025

Meşələr alışıb yandı: 200 minə yaxın insana...

Los-Anceles dairəsində bir neçə meşə yanğınının baş verdiyi ərazidə təxliyə əmrləri təxminən 180 min nəfərin yaşadığı rayonları əhatə edir.

TNS xəbər verir ki, bu barədə dairə şerifi Robert Luna mətbuat konfransında bildirib.

“Hazırda Los-Anceles dairəsində təxminən 180 min nəfərə təxliyə göstərişi verilib, daha 200 min nəfər mümkün təxliyə xəbərdarlığının olduğu ərazidədir. Təxliyə olunması xahiş edilən yerli sakinləri buna əməl etməyə çağırıram”, – o açıqlayıb.

Şerif həmçinin qeyd edib ki, yanğınların başlanğıcından hüquq-mühafizə orqanları təxminən iyirmi qarətçini saxlayıb. “İndiyədək 20 həbs həyata keçirilib, təəssüf ki, düşünürəm ki, bu rəqəm artacaq. Biz belə davranışa dözməyəcəyik”, – Luna vurğulayıb.

Eyni zamanda şəhər meri Karen Bass deyib ki, Şöhrət xiyabanının və məşhur kinostudiyaların yerləşdiyi Hollivud təpələri rayonunda təxliyə əmrləri ləğv edilib. “Külək bizə havadan yanğınsöndürmə əməliyyatları aparmağa imkan verdi ki, bu da gecə ərzində Hollivud və Studio-siti ərazisində yanğınlarla mübarizədə əhəmiyyətli irəliləyişə nail olmağımıza kömək etdi, buna görə də saat 07:30-dan təxliyə əmri ləğv edilib”, – o söyləyib.

Son məlumatlara görə, Los-Anceles dairəsində hazırda ümumi sahəsi 11,7 min hektar olan beş yanğın baş verir, yanğınsöndürənlər onlardan yalnız ikisini qismən lokallaşdıra biliblər. Alov 1000-dən çox binanı məhv edib, o cümlədən varlı insanların və məşhurların daşınmaz əmlaka sahib olduğu prestijli rayonlarda – hazırkı ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter, habelə aktrisa və model Peris Hiltonun evləri tamamilə yanıb. Bundan əlavə, su təchizatı və energetika departamentinin rəhbəri Cenis Kinyonesin məlumatına görə, yanğınlar səbəbindən təxminən 95 min elektrik enerjisi istehlakçısı işıqsız qalıb.

Meteoroloqların proqnozlarına görə, əlverişsiz hava şəraiti, xüsusilə də güclü külək və aşağı rütubət cümə gününədək davam edəcək. Yerli iqtidar qonşu dairələrdən yanğınsöndürənlərin köməyini istəyib, həmçinin Vaşinqton, Oreqon və Nevada ştatlarından fövqəladə xidmət əməkdaşları onlara yardıma göndərilib.