Close

Qəzza zolağı ilə bağlı razılaşmada uğur əldə edildi

"Qəzza zolağı ilə bağlı razılaşmanın əldə olunmasına mane olan bütün mübahisəli və həll olunmamış məsələlər uğurla həll edilib".

TNS-in xəbərinə görə, bu barədə HƏMAS hərəkatının Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi "Əl-Mayadin" telekanalına müsahibəsində məlumat verib.

O bildirib ki, imzalanma yalnız İsrailin Baş naziri Benyamin Netanyahudan asılıdır.

"İndi top Netanyahunun meydanındadır, xüsusən də bütün bəndlər üzrə razılığa gəlindikdən sonra. Və yalnız o, razılaşmanın qarşısını ala və ya imzalaya bilər", - deyə Əhməd Əbdül Hadi qeyd edib.

O, həmçinin HƏMAS-ın danışıqlarda "böyük çeviklik nümayiş etdirdiyini" deyib.

Hadinin sözlərinə görə, vasitəçilər İsrailin rəsmi mövqeyini və razılaşmanın imzalanmasını gözləyirlər.

"Netanyahunun keçmişdə etdiyi kimi, bu razılaşmaya mane olması üçün artıq heç bir əsası və ya bəhanəsi yoxdur. Hər şeyin düzgün istiqamətdə gedəcəyi gözlənilir, lakin Netanyahu hiylələri ilə tanındığı üçün biz bundan əmin ola bilmirik", - deyə HƏMAS nümayəndəsi bildirib.

"Atmosfer onu deməyə əsas verir ki, saziş qismən deyil, hərtərəflidir və təcavüzün tam şəkildə dayandırılmasına, Fələstin anklavının İsrail tərəfindən işğalına tamamilə son qoyulmasına yönəlib", - deyə Hadi əlavə edib.