Close

Tramp alyaskalıların dağının adını dəyişəcək

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp bazar günü Şimali Amerikanın ən hündür dağı olan Denali adını yenidən dəyişəcəyini bildirib. 

TNS “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Tramp bunu Feniksdəki tərəfdarları qarşısında çıxışı zamanı deyib. 

Tramp söz verib ki, Alyaska yerlilərinin dağa verdiyi ad ABŞ-nin 1901-ci ildə öldürülən 25-ci prezidenti Uilyam MakKinlinin adı ilə əvəzlənəcək.

“Onlar onun adını MakKinli dağından götürüblər. O, böyük prezident idi. Administrasiyam MakKinli dağının adını geri qaytaracaq, çünki mənim fikrimcə, o, buna layiqdir”, deyə Tramp vurğulayıb.

Alyaskanın respublikaçı senatoru Liza Murkovski dağın adının dəyişdirilməsi ilə bağlı Trampın vədinə qarşı çıxıb.

“Şimali Amerikanın ən hündür dağına layiq olan yalnız bir ad var: Denali – Qüdrətli" deyə Murkovski X-də yazıb.

Qeyd edək ki, prezident Barak Obama 2015-ci ildə alyaskalıların tərəfini tutaraq, bu dağı adı ilə bağlı onilliklər boyu davam edən mübahisəyə son qoymuşdu. O, MakKinli dağının adını rəsmi olaraq Denali adlandırdı. 

ABŞ Daxili İşlər Nazirliyi, Obama tərəfindən imzalanan 2015-ci il sərəncamında bu addımı MakKinlinin heç vaxt dağa baş çəkmədiyi, bu dağ və ya Alyaska ilə heç bir əhəmiyyətli tarixi əlaqəsi olmadığı ilə izah etmişdi. 

Bu dağ 1917-ci ildən rəsmi olaraq MakKinli dağı adlanırdı. Hündürlüyü 6 100 metr olan dağa MakKinli adını qeyri-rəsmi olaraq 1896-cı ildə qızıl axtaran şəxs qoymuşdu. O, bunu ABŞ-nin Qızıl Standart Aktının tərəfdarı olan MakKinlinin Respublikaçılar Partiyasının prezidentliyə namizədliyini qazandığını eşitməsi ilə izah etmişdi.

Denali sözü 1975-ci ildə Alyaska ştatı tərəfindən rəsmi olaraq dağ yüksəkliyinə verilib və sonra federal hökumətə müraciət edilib. Alyaska qanunvericiləri ABŞ Coğrafi Adlar Şurasından adı rəsmi olaraq Denali olaraq dəyişdirməyi xahiş etdilər, lakin sorğu onilliklər ərzində bloklandı.