Close

Məşhur milyarder pulunu xərcləməyə yer tapa bilmir

Dünyaca məşhur milyarder Uorren Baffet 2025-ci ilə külli miqdarda nağd pul ehtiyatı ilə daxil olur.

TNS xəbər verir ki, 94 yaşlı milyarder yeni ilə 325 milyard dollar qənaətlə qədəm qoyarkən, sərvətini niyə nağd saxladığı maraq mövzusuna çevrilib.

Uorren Baffetin rəhbərlik etdiyi "Berkshire Hathaway"in pul ehtiyatları şirkət tarixində ən yüksək həddə çatıb.

Mütəxəssislərin fikrincə, Baffetin nəhəng nağd pul yığımının əsas səbəbi bazarda həddən artıq qiymətləndirilmiş səhmlər və investisiya imkanlarının olmamasıdır.

“Buffet Göstəricisi” kimi tanınan ABŞ səhmlərinin ümumi bazar dəyərinin ÜDM-ə nisbəti 209 faizlə bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

“Glenview Trust” şirkətinin baş investisiya direktoru Bill Stounun fikrincə, Baffetin pul yığımı bazarın həddindən artıq qiymətləndirilməsi və keyfiyyətli şirkətləri sərfəli qiymətlərlə tapa bilməməsi ilə əlaqədardır.

“Berkshire Hathaway” 2024-cü ilə qədər “Apple” və “Bank of America” kimi böyük şirkətlərdən 133 milyard dollarlıq səhm satışı həyata keçirib. Bu satışlara baxmayaraq, şirkətin səhmləri 2024-cü ildə yüzdə 27 dəyər qazanıb və bu artım şirkətin 2021-ci ildən bəri ən yüksək performansı olaraq qeyd edilib.

Baffetin bu strateji addımı onun böyük alışa hazırlaşdığına işarə kimi şərh edilir. Analitiklər hesab edirlər ki, bu nəhəng pul ehtiyatı iqtisadi böhranlar zamanı problem yaşayan şirkətlərə və ya sektorlara investisiya qoymaq üçün istifadə ediləcək. Bu, Baffetin varisi Qreq Abel üçün də böyük sınaq ola bilər.

“Berkshire Hathaway” ABŞ-nin enerji şirkəti “Occidental Petroleum”un 8,9 milyon səhmini 405 milyon dollara satın alaraq, şirkətdəki payını 28 faizdən çox artırıb. Bu alış Baffetin enerji sektoruna marağını bir daha nümayiş etdirib.

”Berkshire Hathaway”in artan pul ehtiyatları şirkəti qeyri-müəyyən iqtisadi şəraitə davamlı edir. Lakin Baffetin növbəti böyük addımının nə olacağı sirr olaraq qalır. İnvestorlar və bazar ekspertləri milyarderin bu strategiyasının arxasında duran motivləri diqqətlə izləyirlər.