Almaniya parlamenti bu tarixdə buraxılacaq
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın (Almaniya parlamenti) buraxılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
TNS xəbər verir ki, AFR dövlət başçısı ofisinin nümayəndəsi Kerstin Qammelin bu barədə özünün sosial media hesabında məlumat yayıb.
“Son günlər Bundestaqdakı fraksiya və qrupların sədrləri ilə danışıqlardan sonra Almaniya hökuməti üçün sabit parlament çoxluğunun yaradılması perspektivinin mümkünsüzlüyünə əmin oldum. Bu səbəbdən 2024-cü il dekabrın 27-də Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq Bundestaqın buraxılması barədə qərar qəbul etmək niyyətindəyəm”, - deyə Kerstin Qammelin prezidentdən sitat gətirib.
Dekabrın 16-da Almaniya kansleri Olaf Şolts parlamentdə özünə qarşı etimad səsverməsindən sonra Frank-Valter Ştaynmayerə Bundestaqın buraxılmasını təklif edib. Kanslerin təklifindən sonra prezident 21 gün ərzində Bundestaqı buraxmağa borcludur. Bundestaq buraxıldıqdan sonra 60 gün ərzində növbədənkənar parlament seçkiləri keçirilməlidir. Seçkilərin nəticələrinə əsasən yeni hökumət formalaşdırılmalı və yeni kansler seçilməlidir.