Close

Prezident: “Mən onlar kimi olmaq istəmirəm”- Hər şey bitəndən sonra…

Prezidentlik müddəti başa çatdıqdan sonra mən, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya kimi mühacirətdə olan, ayrı-ayrı dövlətlər tərəfindən tanınan siyasətçi olmaq istəmirəm.

TNS xəbər verir ki, bunu Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili Polşanın TVP World telekanalına müsahibəsində bildirib.

"Gürcüstanı tərk etməkdən söhbət gedə bilməz. Tixanovskaya və ya Venesuela prezidenti (ölkəni tərk etmiş Venesuela prezidentliyinə namizəd Edmundo Qonzales) olacağımla bağlı fərziyyələr görürəm ki, onlar mühacirətdə olduqları zaman tanınırlar. Saxarov mükafatının verildiyini də eşitdim (Venesuela müxalifətçilərinə). Mən bunu istəmirəm",- Zurabişvili deyib.

Onun sözlərinə görə, hər şey bitəndən sonra dəstəyin mənası yoxdur: “Mənim indi öz ölkəmdə, xalqımla birlikdə dəstəyə ehtiyacım var”.

Qeyd edək ki, dekabrın 14-də Gürcüstan parlamentində prezident seçkiləri keçirilib. Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası tərəfindən irəli sürülən yeganə namizəd Mixail Kavelaşvili 300 seçici səsindən 224 səs toplayıb və Gürcüstanın altıncı prezidenti seçilib. Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.