Suriya Mərkəzi Bankının seyfindən nələr çıxıb?
Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya Mərkəzi Bankındakı ehtiyatlar üzə çıxıb.
TNS xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, bankın təxminən 26 ton qızıl ehtiyatı var ki, bu da hazırkı bazar qiymətləri ilə təxminən 2,2 milyard dollara bərabərdir. Bankın nağd şəkildə cəmi 200 milyon dollar valyuta ehtiyatı mövcuddur.
Nəşr Suriya Mərkəzi Bankının 26 ton civarında qızıl ehtiyatının 2011-ci ildən bəri dəyişmədiyini qeyd edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2011-ci ilin sonunda vətəndaş müharibəsi başlayanda Mərkəzi Bankın valyuta ehtiyatları 14 milyard dollar olub.
Reuters-ə danışan hazırkı rəsmilər Bəşər Əsəd dövründə dollar ehtiyatlarının hərbi məqsədlər, ərzaq və yanacağın maliyyələşdirilməsi üçün istifadə edildiyini bildiriblər.
Bəşər Əsəd rejiminin devrilməsindən sonra talançılar paytaxt Dəməşqdə Suriya Mərkəzi Bankının bəzi bölmələrinə soxulsalar da, əsas anbara daxil ola bilməyiblər.
Suriyanın yeni səlahiyyətliləri talan edilmiş pulların bir hissəsinin tapıldığını bildirib.
Əsas seyfin bombadan qorunduğunu deyən mənbələrdən biri onu açmaq üçün hər biri müxtəlif şəxslərə məxsus 3 açar və 1 kod tələb olunduğunu qeyd edib.