Putinlə Colani arasında gizli görüş- Əsəd təhvil verilir?
Suriyada Bəşər Əsəd rejimini devirən Heyət Təhrir əş-Şam (HTŞ) rəhbərliyi ilə Rusiya arasında gizli danışıqlar aparılıb.
TNS haberler.com-a istinadən xəbər verir ki, Moskva Tartus limanına və Hmeymim hava bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd edib.
Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın Suriyadan mərhələli şəkildə çəkildiyi iddia edilsə də, “The Economist” Moskva ilə HTŞ arasında danışıqların artıq başladığını açıqlayıb.
HTŞ-dən olan mənbənin sözlərinə görə, yeni administrasiya Rusiyaya bazalarının bir qismini və ya hamısını saxlamağa icazə verəcək. Həmçinin çox güman ki, Tartus limanında icarə müqaviləsi davam edəcək. Bu o deməkdir ki, Rusiya Aralıq dənizindəki yeganə dərin suda yerləşən hərbi dəniz obyektinə çıxışı saxlayır.
HTŞ həmçinin Əsədin ekstradisiyasının çətin olduğunu etiraf edir (hələ rəsmi sorğu verilməyib). Qəzetə açıqlama verən mənbə “Qırmızı xətlər yoxdur” deyərək, danışıqların ideologiyaya deyil, maraqlara əsaslandığını vurğulayıb.