Cənubi Koreyanın Prezidenti vaxtından əvvəl istefa verir
Cənubi Koreyanın hakim “Vətəndaş Gücü Partiyası”nın lideri Han Donq Hun bildirib ki, o və Baş nazir Han Dok Su prezident Yun Sok Yolun vaxtından əvvəl və nizamlı şəkildə hakimiyyətdən getməsi ilə əlaqədar xaosu minimuma endirəcək.
TNS xəbər verir ki, bu barədə “Yonhap” Agentliyi məlumat yayıb.
“Prezidentin vaxtından əvvəl vəzifədən getməsi ilə xalqa və ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcək, siyasi vəziyyəti sabitləşdirəcək və demokratiyanı bərpa edəcəyik. Vətəndaşların fikrincə, prezident Yun Sok Yol səlahiyyət müddətinin qalan hissəsində ölkəni lazımi qaydada idarə edə bilməyəcək və istefa verməlidir”, - deyə o bildirib.
Partiya rəhbəri əlavə edib ki, prezident dövlət işlərində, o cümlədən beynəlxalq münasibətlərdə iştirak etməyəcək.
Cənubi Koreyanın aparıcı müxalifət qüvvəsi olan “Toburo” partiyası hesab edir ki, hakim düşərgənin prezidenti könüllü olaraq hökumət işlərindən kənarlaşdırmaq planı konstitusiyaya ziddir.
“Toburo” partiyasının nümayəndəsi Kim Min Sik deyib ki, prezidentin səlahiyyətlərinin dayandırılması prosedurunu yalnız konstitusiya müəyyən edir: “Bundan başqa hər şey konstitusiyanın pozulması, üsyanın davamıdır. Baş nazirin və iqtidar partiyasının liderinin konstitusiyaya zidd idarəsi qəbul edilməyəcək. Bundan əlavə, prezidenti üsyan yolu ilə dövlətə xəyanətdə şübhəli bilinərək həbs etmək və onu ali baş komandan statusundan məhrum etmək lazımdır”.