Yəmən sahillərində hücuma məruz qalan ticarət gəmisinin ekipajı təxliyə edildi
Yəmənin Hodeyda liman şəhərinin təxminən 194 km şimal-qərbində baş verən hücumdan sonra ticarət gəmisinin heyəti göyərtəni tərk etməli olub.
TNS “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
“Ticarət gəmisi Bab əl-Məndəb boğazında naviqasiya üçün təhlükə yaradır. Gəmi sürüklənir, onu heç kim idarə etmir. Beynəlxalq koalisiya qüvvələri gəminin heyətini Cibutiyə təxliyə edib”, - UKMTO-nun məlumatında deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Bununla belə, qurum nə gəminin adı, nə də ona hücum üsulunu açıqlamayıb.
Hələ ki heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, Qərb mediası xatırladır ki, bu cür hücumlar, adətən, Yəmənin husi üsyançıları tərəfindən həyata keçirilir.