“Suriyanı daha ağır və faciəli günlər gözləyir”
Suriyada vəziyyət həddən artıq gərginləşb. “Heyət Təhrir eş-Şam” (HTŞ) silahlı qrupu bir neçə böyük şəhəri ələ keçirib.
Hadisələrin gedişatıdan belə görünür ki, vəziyyətin qısa müddətdə normallaşması mümkün deyil.
Siyasi şərhçi Kənan Rövşənoğlu TNS-ə deyib ki, əgər Bəşər Əsəd hakimiyyəti devrilsə, o zaman yeni Suriya dövlətinin yenidən formalaşması prosesi başlayacaq: "Böyük ehtimalla Suriya İraq kimi federativ respublika olacaq. Hazırda ölkə daxilində və xaricdə olan müxalif hərbi-siyasi qüvvələrin iştirakı ilə yeni hakimiyyət formalaşacaq, parlament və prezident seçkiləri keçiriləcək. Ən əsası hakimiyyt bölgüsü olacaq. Bundan başqa, İraqda olduğu kimi, Suriyanın da şimal-şərqində kürd muxtariyyəti yaradılacaq. 8 ildən çoxdur, Suriya Demokratik Qüvvələri adlı bir koalisiya fəaliyyət göstərir. Yəni sadəcə olaraq kürd muxtariyyəti rəsmiləşəcək”.
Siyasi şərhçinin fikrincə, Bəşər Əsəddən sonrakı dönəmdə Suriyada dünyəvi respublikanın qurulacağını, yoxsa islamçı qüvvələrin hakimiyyətə gələcəyini demək çətindir: “Hazırda əsas silahlı müxaliflər islamçılardır, real güc onların əlindədir. Bundan başqa, İranın Suriya üzərində təsiri olmayacaq, dolayısı ilə Livan və “Hizbullah”a dəstəyi ciddi şəkildə zəifləyəcək. Türkiyə və ABŞ-yə gəlincə, bu dövlətlərin Suriyada yeni qurulacaq hökumətə müəyyən təsirinin olması gözlənilir. Ancaq hazırda münaqişə davam etdiyi üçün Əsəd rejiminin devriləcəyini demək də çətindir. Bu, asan olmayacaq. Suriyanı daha ağır və faciəli günlər gözləyir”.
Ayşən Azadova