Hələbin xarabalıqları üzərində "qaliblər" arasında yeni müharibə alovlanır
Suriyanın bir neçə gün əvvəl müxalif qüvvələr tərəfindən ələ keçirilən Hələb şəhərində, özlərini bu qarşıdurmada qalib hesab edən müxalif qruplaşmalar arasında fikir ayrılıqları artır. Regiondan gələn məlumatlara görə, Suriya Milli Ordusunun tərkibinə daxil olan "Ceyş əl-İslam" döyüşçüləri, "Həyat Təhrir əş-Şam" (HTŞ) lideri əl-Cülaniyə çox yaxın hesab edilən HTŞ komandiri Əbu Zərr Mühbili öldürüblər. Səbəb qruplar arasındakı fikir ayrılıqları olub.
TNS-in verdiyi məlumata görə, bu barədə "Svejesti" "Telegram" kanalı xəbər yayıb.
Həmçinin Hələbin qənimət və sərvətləri üstündə silahlı qruplaşmalar arasında çoxsaylı atışma barədə xəbərlər yayılıb.
Bundan başqa HTŞ döyüşçülərinin Hələbdə "Ceyş əl-İslam"ın iki yüksəkvəzifəli məmurunu həbs etməsi barədə məlumat daxil olub.
O da vurğulanıb ki, bölgədən gələn məlumatların ziddiyyətli olması səbəbindən baş verənlərin miqyasını tam qiymətləndirmək hələlik çətindir.
Xatırladaq ki, dünən ərəb, İsrail və İran KİV Hələbi ələ keçirən və İdlib üzərində tam nəzarəti bərpa edən "Həyat Təhrir əş-Şam" qruplaşmasının lideri Əbu Məhəmməd əl-Cülaninin Suriyada öldürülməsi barədə məlumat yayıb. Bildirilib ki, o, Rusiya qırıcılarının İdlib şəhərinə hava zərbəsi zamanı həlak olub.
HTŞ hələlik bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.