İki ölkə razılaşdı: müharibənin bitməsi an məsələsidir
Təl-Əviv rəhbərliyi Hizbullah ilə atəşkəs razılaşmasının ümumi konturlarını prinsipcə qəbul edib və Livan rəhbərliyinə çatdırıb.
TNS xəbər verir ki, bu barədə ABŞ və İsrail mətbuatı məlumat yayıb.
"CNN İnternational" İsrailin Baş naziri Benyamin Netanyahunun dünən axşam İsrail rəsmiləri ilə təhlükəsizlik məsləhətləşmələri zamanı Hizbullahla yeni ortaya çıxan atəşkəs razılaşmasını prinsipcə bəyəndiyini iddia edib.
“Haaretz”in məlumatına görə isə, atəşkəs təklifi üç mərhələdən ibarətdir. Birinci mərhələdə Hizbullah qüvvələri Litani çayının şimalına çəkiləcək. Bu addımın ardınca İsrail qüvvələri yerləşdiyi Livan sərhədlərindən geri çəkiləcək. Üçüncü və son mərhələdə isə İsrail və Livan arasında mübahisə mövzusu olan sərhəd bölgələrinin müəyyən edilməsi üçün danışıqlara başlanılacaq. Digər tərəfdən, Livan ordusu Hizbullahın geri çəkildiyi bölgələrdə məskunlaşacaq.
Sözügedən planın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2006-cı ildə Hizbullah və İsrail arasında müharibəyə son qoyan qətnaməsinə əsaslandığı bildirilib.
İsrail hökumətinin sözçüsü David Mencer Livanda atəşkəs istiqamətində irəliləyiş əldə edildiyini, lakin həll edilməli olan bəzi problemlərin olduğunu bildirib.
İsrail dövlət televiziyasına danışan adı açıqlanmayan məmur sürprizlər olmasa, yaxın günlərdə razılaşma (atəşkəs) imzalanacağını qeyd edib.