Close

20:39
22 Noyabr 2024

Prezident buna məcburdur – Milyonlarla insan təhlükədədir

İran Prezidenti Məsud Pezeşkianın paytaxtın Tehrandan köçürüləcəyini açıqlaması müzakirələrə səbəb olub.

Pezeşkian Tehranın bəzi səbəblərdən paytaxt kimi qalmasının qeyri-mümkün hala gəldiyini deyib: "Ölkənin paytaxtı Tehran həlli olmayan problemlərlə üzləşib. Buna görə də biz ölkənin iqtisadi və siyasi mərkəzini cənuba və dənizə yaxın yerə köçürməyə üstünlük veririk. Başqa seçimimiz yoxdur”.

O qeyd edib ki, bu məsələyə ciddi yanaşmamaq gələcəkdə ölkənin ekoloji böhran və bir çox başqa problemlə üzləşməsinə səbəb ola bilər: “Tehran İranın siyasi, iqtisadi və mədəni mərkəzi kimi ölkənin idarə olunmasında əsas rol oynayır, lakin şəhər çox ağır yükün altında əzilir”.

Qeyd edək ki, bu mövzu daha əvvəl də bir neçə dəfə gündəmə gəlib, amma paytaxtın köçürülməsi istiqamətində konkret addımlar atılmayıb.

Mütəxəssislər isə apardıqları araşdırmaların nəticələrinə istinadən bildirirlər ki, paytaxt ən qısa müddətdə köçürülməsə, böyük fəlakətlər baş verə bilər.

TNS mütəxəssislərin fikirlərini təqdim edir.

Araşdırmalar nəticəsində bəlli olub ki, Tehran illərdir, əhalinin çoxluğu, havanın çirklənməsi, zəlzələ riski, su qıtlığı, yerin çökməsi kimi problemlərdən əziyyət çəkir.

Təxminən 15 milyon insanın yaşadığı şəhərdə ciddi sıxlıq müşahidə olunur. Bu sıxlıq mənzil, nəqliyyat, səhiyyə, təhsil kimi əsas xidmətlərin göstərilməsində ciddi problemlər yaradır. Əhalinin çoxluğu təkcə iqtisadi səmərəliliyi aşağı salmır, həm də şəhərin həyat keyfiyyətinə mənfi təsir göstərir.

İran Prezidenti yanında Tərəqqi və İnkişaf Mərkəzinin 2018-ci ildə hazırladığı hesabata görə, Tehranın əhalisinin 30 ildə 20 milyona çatması gözlənilir ki, bu da şəhərin idarə olunmasını qeyri-mümkün edə bilər.

İranın Şəhər İqtisadiyyatı Elmi Dərnəyi də hesabat dərc edərək, şəhər əhalisinin infrastruktur imkanlarından 70 faiz artıq olduğunu və bu vəziyyətin yaşayış şəraitinə mənfi təsir göstərdiyini vurğulayıb.

Digər tərəfdən, havanın çirklənməsi Tehranın ən böyük problemlərindən biridir. Mütəxəssislər tez-tez bu problemin ölümcül həddə çatdığını vurğulayırlar.

Rəsmi rəqəmlərə əsasən, havanın çirklənməsi bir il ərzində ölkədə 20 800, paytaxt Tehranda isə 6 400 nəfərin ölümünə səbəb olub.

t-hava

Bundan başqa, Tehran yüksək riskli seysmik zonada yerləşir. Mütəxəssislər bir çox qırılma xəttinin keçdiyi paytaxtda mümkün zəlzələnin milyonlarla insanın həyatını təhlükə altına atacağını bildirirlər.

Ehtimal edilir ki, Alp-Himalay zəlzələ zonasında yerləşən Tehran maqnitudası 7-dən yuxarı olan zəlzələ rekordlarını göstərən bir neçə aktiv qırılma xətti ilə əhatə olunub.

Mütəxəssislərin fikrincə, paytaxtdakı binaların 60 faizi zəlzələyə davamlılıq standartlarına cavab vermir. Böyük zəlzələ zamanı binaların 20 faizinin tamamilə dağılacağı proqnozlaşdırılır: “Tədbirlər görülməsə, paytaxtda baş verə biləcək güclü zəlzələ ən azı 300 min insanın ölümünə səbəb olacaq”.

t-zelzele

Tehranın daha bir problemi şəhərin çökməsidir.

2003-2017-ci illər arasında peyk fotoşəkillərini araşdıran elm adamları şəhər mərkəzinin 10 faizini və şimal-qərbdəki kənd yerlərini əhatə edən bölgənin hər il 25 santimetr yerə batdığını aşkarlayıblar. Bölgədə qrunt çökmə səviyyəsinin dünyada ən yüksək səviyyədə olduğuna diqqət çəkən elm adamları bunun səbəbinin artan əhalinin ehtiyaclarını ödəmək üçün tikilən bəndlər olduğunu deyiblər. Onların sözlərinə görə, vaxtaşırı qıtlıqlar səbəbindən qrunt suları tükənmək üzrədir.

İqlim dəyişikliyindən təsirlənən ölkələrdən biri olan və su ehtiyatlarının düzgün idarə olunmaması səbəbindən su problemi yaşayan İranda paytaxt Tehran da bu vəziyyətdən öz payını alır. Tehranda su anbarlarının 23 faizi doludur ki, bu da son 5 illik orta göstəricidən 18 faiz aşağıdır. Şəhər son 50 ildə misli görünməmiş beşinci quraqlıq ilini yaşayır.

t-su

Paytaxtın hara köçürüləcəyinə gəlincə, həmin ərazinin İranın cənubunda Fars körfəzinə yaxın yerdə olduğu bildirilir.

Bu seçim bir neçə strateji üstünlüyə əsaslanır.

Bunlardan birincisi iqtisadi potensialdır, çünki Fars körfəzi İranın neft və təbii qaz ehtiyatlarının mərkəzidir. Yeni paytaxt bu enerji ehtiyatlarına daha yaxın yerdə yerləşməklə ticarətin, xüsusən də dəniz nəqliyyatının mərkəzinə çevrilə bilər.

Daha bir üstünlük ətraf mühit və təhlükəsizlik məsələləridir. Fars körfəzi bölgəsi Tehranla müqayisədə daha az zəlzələ riskinə malikdir. Bundan əlavə, bölgənin iqlim xüsusiyyətləri ekoloji dayanıqlıq baxımından yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün daha əlverişli hesab edilir.

Paytaxtın köçürülməsi planının yaxın perspektivdə reallaşması gözlənilmir, çünki İran hazırda böyük iqtisadi problemlərlə mübarizə aparır.

Bu prosesin yaxın illərdə necə inkişaf edəcəyi İranın milli inkişaf baxışına və regional roluna əhəmiyyətli dərəcədə təsir edəcək. Tehranın köçürülməsi təkcə coğrafi dəyişiklik deyil, həm də ölkənin gələcəyi üçün transformasiyanın müjdəçisi ola bilər.