Close

Kim Çen Inın bacısı müharibə barədə xəbərdarlıq etdi

Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsi şöbə müdirinin müavini Kim Yo Çjon, KXDR lideri Kim Çen Inın doğma bacısı, Koreya yarımadasında və qonşu regionlarda güc balansının pozulmasının müharibəyə səbəb ola biləcəyini bəyan edib.

TNS-in TASS-a istinadən verdiyi məlumata görə, o, KXDR-in nüvə arsenalını gücləndirməyə davam edəcəyini vurğulayıb.

"Bu gün Koreya yarımadasında və regionda düşmənlərlə bizim aramızda güc paritetinin pozulması dərhal müharibə deməkdir - bu, inkar edilə bilməyən obyektiv reallıqdır", - deyə siyasətçi bildirib.

O, həmçinin ABŞ, Yaponiya və Koreya Respublikasının noyabrın 3-də keçirdiyi, qırıcı təyyarələrin və "B-1B" strateji bombardmançısının iştirak etdiyi birgə təlimlərə diqqət çəkib. Onun sözlərinə görə, bu təlimlər KXDR-in düşmənlərinin düşmənçilik və təcavüzkar xarakterinin aydın sübutudur.

Kim Yo Çjon əlavə edib ki, ABŞ və müttəfiqlərinin hərbi manevrlərinin tezliyinin artması həm KXDR, həm də bütün region üçün sülh və təhlükəsizliyə ciddi təhdiddir.

"KXDR-in müdafiə nüvə qüvvələrini gücləndirmək siyasəti hazırkı şəraitdə yeganə düzgün seçimdir və biz bu yoldan dönməyəcəyik", - deyə o bildirib.