Rusiyanın Yaponiyaya xəbərdarlığı faydasızdır
Rusiya Tokionun oktyabrın sonu - noyabrın əvvəlində ABŞ ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırması ilə bağlı Yaponiyaya etiraz edib. Rəsmi Moskva təlimlər keçiriləcəyi təqdirdə Yaponiyaya cavab tədbiri görəcəyi barədə xəbərdarlıq edib. Yaponiya Rusiyanın xəbərdarlığından nəticə çıxaracaqmı?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiyanın xəbərdarlığına baxmayaraq, Yaponiya həmin təlimləri keçirəcək: "Söhbət Kuril adaları ilə bağlı problemdən gedir. ABŞ-nin Yaponiya və Koreya ilə birgə təlimləri dünyanın digər siyasi nöqtələrində daha kəskin nəticələr doğura bilər. Bu proses Avropada və ya Yaxın Şərq bölgəsindəki toqquşmalar kimi olmayacaq. Bütün hesablaşmaların son nöqtəsi Çinin dominantlıq etməyə çalışdığı bölgə üzərində baş verəcək. Bu baxımdan da, Rusiya Yaponiyaya xəbərdarlıq etsə də, faydasızdır. Bu təlimlər keçiriləcək. Rusiyanın indiki vəziyyətdə ən ciddi cavabı belə ola bilər ki, o da Şimali Koreya və Çin ilə belə təlimlər keçirsin və işğal etdiyi Yaponiya torpaqları üzərində hansısa təbliğat məqsədi ilə psixoloji informasiya müharibəsi reallaşdırsın".