Close

23:50
19 Sentyabr 2024

Avropa Parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi

Avropa Parlamentinin (AP) deputatları sentyabrın 19-da Strasburqda keçirilən plenar iclasda səs çoxluğu ilə Ukraynaya dair qətnaməni qəbul edərək, Aİ ölkələrini Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə dair bütün məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırıb.

TNS xəbər verir ki, qətnaməni 425 deputat dəstəkləyib, 131 deputat əleyhinə səs verib, 63 deputat isə bitərəf qalıb.

Sənəddə xüsusilə qeyd olunur ki, Avropa Parlamenti üzv dövlətləri Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı Ukraynaya tədarük edilən Qərb silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır, çünki bu, Ukraynanın beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququndan tam şəkildə istifadə etməsinə mane olur.

Deputatlar, həmçinin Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini davam etdirməyə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin ödənilməsi ilə Kiyevə 50 milyard avroluq kreditin ayrılmasını sürətləndirməyə və Rusiyanın suveren aktivlərinin tam müsadirə edilməsi üçün qanunvericilik bazasının hazırlanmasına çağırıblar.