Close

İrəvandan ittiham: “Rusiya Ermənistanda dövlət çevrilişi hazırlayır”

Ermənistan Respublikasının İstintaq Komitəsi ölkədə hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran 7 nəfər barəsində cinayət işi başlayıb.

TNS eadaily.com saytına istinadən xəbər verir ki, İstintaq Komitəsinin iddiasına görə, bu qrup bir sıra Ermənistan vətəndaşlarını sonrakı döyüş vəzifəsi üçün silahdan istifadə etməyi öyrənmək məqsədi ilə Rostov-na-Donda, o cümlədən “ArBat” bazasında ödənişli üç aylıq təlim düşərgələrinə cəlb edib.

Təqsirləndirilənlər başqa şəxslərlə qabaqcadan razılışaraq, Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd edən 5 nəfər Ermənistan vətəndaşı və Azərbaycanın Qarabağ bölgəsinin keçmiş iki erməni sakinidir.

“Bu şəxslər Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədi ilə hər ay təqribən 220 min rubl mükafat qarşılığında Rusiya Federasiyasında üç aylıq təlim-məşq keçiblər, müxtəlif növ silahların istifadə qaydalarını öyrəndikdən sonra Ermənistana qayıdıb, 2024-cü il ərzində döyüş növbətçiliyini həyata keçirmək və biliklərini başqa şəxslərə ötürmək məqsədilə bir sıra Ermənistan Respublikası vətəndaşlarını bu işə cəlb ediblər”, - deyə İstintaq Komitəsi bildirib.

İrəvanın iddialarına görə, “ələ alınmış ermənilər” çevriliş etmək üçün Rusiyaya “ArBat” adlı hərbi bazaya göndərilib, orada döyüş təlimi keçiblər.

“ArBat” batalyonunun komandiri Hayk Qasparyan Sputnik-ə açıqlamasında deyib ki, bu ittihamlar batalyonunun Rusiya Federasiyasında yaradılması haqqında məlumat sızdıqdan sonra ortaya çıxıb: “Bu, sadəcə siyasi oyundur. Bununla, Ermənistan hakimiyyəti xalqı respublikanın siyasi həyatındakı bəzi uğursuzluqlardan yayındırmağa çalışır”.

Eyni zamanda o vurğulayıb ki, “ArBat” döyüşçüləri əsasən, Rusiya vətəndaşlarıdır və buna görə də öz ölkələrinin siyasi həyatı ilə maraqlanırlar, İrəvanın siyasi təlatümləri onlar üçün maraqlı deyil.