Bu ölkələrdə “meymun çiçəyi” virusu sürətlə yayılır

Afrikada “meymun çiçəyi” virusu sürətlə yayılır.
Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) avqustun 9-da dərc etdiyi hesabata görə, bu ilin yanvar-avqust aylarında Afrikanın 13 ölkəsində 2822 nəfər virusa yoluxub və 14719 şübhəli hadisə qeydə alınıb.
Qeyd olunub ki, virusdan 517 nəfər ölüb, onlardan 511-i Konqo Demokratik Respublikasında (KDR) olub.
TNS xarici KİV-ə istinadla xəbər verir ki, virus siçan və dələ kimi gəmiricilərdən, yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq ən mühüm yoluxma səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, titrətmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə edilir. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.
Aygün