ABŞ Məxfi Xidmətinin direktoru istefa verməyəcəyini bəyan edib
ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl qurumun keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsdin qarşısını ala bilməməsinə baxmayaraq, istefa vermək fikrində deyil.
TNS xəbər verir ki, bu barədə Kim Çitl Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində Trampa qarşı sui-qəsdlə bağlı keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer və Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədri Mayk Törner, eyni zamanda dinləmələrdə iştirak edən bir sıra qanunvericilər açıq şəkildə Kim Çitli Məxfi Xidmətin rəhbəri vəzifəsindən istefa verməyə çağırıblar.
“İnanıram ki, hazırda Məxfi Xidmətə rəhbərlik etmək üçün ən bacarıqlı insanam. Mən hər hansı bir təhlükəsizlik pozuntusuna görə tam məsuliyyəti öz üzərimə götürürəm. Biz araşdırmalarımızı davam etdiririk”, - Kim Çitl bildirib.