Close

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

Rumıniyada prezident seçkiləri noyabrın 24-də və dekabrın 8-də (birinci və ikinci tur), parlament seçkiləri isə dekabrın 1-də keçiriləcək.

TNS xəbər verir ki, bu barədə qərar Sosial Demokratlar partiyası və Milli Liberallar partiyasından təşkil olunan hakim koalisiya tərəfindən qəbul edilib.

Prezident seçkilərinin vaxtı hakim koalisiyanın sol mərkəzçi və sağ mərkəzçi partiyaları arasında kəskin fikir ayrılığına səbəb olub. Belə ki, solçular seçkilərin birinci turunun sentyabrda keçirilməsində, sağçılar isə noyabrda keçirilməsində israr edirdi. Sonradan digər siyasi partiyalarla məsləhətləşmələrdən sonra seçkilərin noyabr-dekabr aylarında keçirilməsinə qərar verilib.

İki iqtidar partiyası arasında fikir ayrılıqlarının biri də prezidentliyə namizədliklə bağlıdır. Sol və sağ mərkəzçi partiyalar vahid namizəd ideyasını rədd etsələr də, hazırkı koalisiyanı saxlamaqda maraqlıdırlar. Hazırda onların arasında partiyalardan birinin nümayəndəsinin prezident seçilməsindən sonra, digərinin baş nazir postuna təyin edilməsi ilə bağlı danışıqlar gedir.