Close

Tütünə qarşı savaş - Bu ölkələrdə siqaret satışı qadağandır

Siqaret və digər tütün məmulatlarından istifadənin artması qlobal səviyyədə problemə çevrilib. Bütün dünya bu problemlə mübarizə aparsa da, istifadəçilərin sayı azalmır, əksinə sürətlə artır. Üstəlik, bu zərərli vərdişə alışanların yaşı da ciddi narahatlıq yaradır. Çünki istifadəçilərin arasında uşaq və yeniyetmələrin sayı həddən artıq çoxdur.

Dünyanın bir çox ölkəsində tütün məmulatlarının yayılmasının qarşısının alınması üçün müxtəlif üsullar seçilir. Əvvəllər sadəcə tütünə qarşı tədbirlər görülürdüsə, indi bu qadağalar elektron siqaretləri də əhatə edir. Çünki tütün istehsalçısı olan böyük şirkətlər müştərilərinin azalmaması, əksinə artması üçün zərərli vərdişin daha da geniş yayılması istiqamətində addəmlar atır. Elektron siqaretlər də bunlardan biridir.

TNS bəzi dövlətlərdə bütün növ siqaret və tütün məmulatları ilə bağlı tətbiq olunan qadağaları təqdim edir:

Böyük Britaniya

Bu ölkədə həyata keçirilən “Siqaretsiz nəsil” layihəsi çərçivəsində 1 yanvar 2009-cu il tarixdən sonra anadan olanlara siqaret satışı qadağan edilib. Daha əvvəl ölkədə bütün ictimai və qapalı yerlərdə siqaret çəkilməsi qadağan olunmuşdu.

Türkiyə

Türkiyə siqaretlə mübarizə aparan ölkələr arasında ilk yerlərdən birini tutmaqdadır. “Tüstüsüz həyat” şüarı ilə həyata keçirilən bir çox layihədə dövlət qurumları, ictimai təşkilatlar yaxından iştirak edir. 2008-ci ildə ölkədə bütün qapalı məkanlarda siqaret çəkilməsinə qadağa qoyulub. 2013-cü ildə yaşı 18-dən aşağı olanlara tütün məmulatı satılması yasaqlanıb. Daha sonra qapalı məkanlarla birlikdə ölkədə parklarda, ictimaiyyətə açıq yerlərdə siqaret çəkilməsi qadağan edilib. Bundan başqa, siqaret qutularının üzərinə tütünün yaratdığı fəsadları əks etdirən qorxunc şəkillər də yapışdırılıb.

Meksika

Amerika qitəsində siqaretlə bağlı ən çox qadağa Meksikadadır. Ölkədə istisnasız bütün qapalı yerlərdə, parklarda, çimərliklərdə, istirahət məkanlarında siqaret çəkilməsi qadağandır. Təbii ki, tütün məmulatlarının reklamı da qadağan edilib.

Butan

Dünyanın siqaret çəkilməyən ilk ölkəsi olmağı hədəfləyən bu Asiya ölkəsi 2004-cü ildən qadağalar tətbiq etməyə başlayıb. Ölkədə siqaret satışı və istifadəsi qadağandır.

İrlandiya

2004-cü ildə sadəcə bar və restoranlarda, 2009-cu ildə isə bütün qapalı məkanlarda siqaret çəkilməsi qadağan edilib.

Norveç

Bu Avropa ölkəsi tütünlə mübarizəyə 1975-ci ildə başlayıb. O vaxtdan ölkədə siqaret reklamına icazə verilmir. 2004-cü ildə isə bütün ictimai (qapalı və açıq) siqaret çəkilməsinə qadağa qoyulub.

Yeni Zelandiya

Yeni Zelandiyda 2008-ci ildən sonra dünyaya gələnlərə ömür boyu tütün məmulatlarının satışı qadağan edilib.

Finlandiya

Avropanın ən sərt siqaret qadağı tətbiq edən ölkəsidir. Qanuna əsasən, 18 yaşdan kiçiklərin tütün məmulatı daşıması cinayət sayılır. 2010-cu ildən bütün ictimai yerlərdə siqaretdən istifadə qadağan olunub.

ABŞ

Burada qadağalar ştatlara görə fərqlidir. Amma bütün ştatlarda qapalı məkanlarda siqaretdən istifadə qadağandır.