Close

Rusiyanın hərbi təyyarəsi vuruldu, 65 ukraynalı əsir öldü

Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb.

TNS xəbər verir ki, bu barədə Rusiyanın “112” "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, qəzaya uğrayan “İl-76” hərbi nəqliyyat təyyarəsindəkilərin hamısı ölüb.

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması ilə bağlı iddilara cavab verib. Nazirlik təyyarənin vurulması faktını təsdiqləyib. 

Bildirilib ki, təyyarənin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub. 

Təyyarədən heç kimin sağ çıxmadığı bildirilib.

Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov əhaliyə çağırış da edib: “Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərələrsiz otaqlarda sığınmaq lazımdır”.

Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi də tövsiyə edib.

Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə açıqlamasında hadisənin araşdırılacağını deyib.