Close

Yaponiya hakimiyyətinin ortağı öldü

Yaponiyanın ən böyük Buddist təşkilatlarından biri olan "Soka Qakkai"nin açıqlamasına görə, təşkilatın fəxri prezidenti və hakimiyyətin ortağı, sağ mərkəzçi Komeito Partiyasının qurucusu İkeda Daisaku 95 yaşında paytaxt Tokioda vəfat edib.

TNS xəbər verir ki, 1928-ci ildə Tokioda doğulan və dəniz yosunu yetişdirən ailədə böyüyən İkeda 19 yaşında qoşulduğu "Soka Qakkai"də Buddist təlimlərini yaymaq üçün çalışıb. 1960-1979-cu illər arasında Buddist təşkilatına başçılıq etdiyi müddətdə İkeda 1961-ci ildə qurduğu siyasi formasiyanı 1964-cü ildə sağ mərkəzçi siyasi partiyalardan biri olan Komeitoya çevirib.

"NHK" dövlət televiziyasının məlumatına görə, İkeda 50-dən çox ölkəyə səfəri zamanı Çinin keçmiş baş naziri Çjou Enlay və keçmiş SSRİ lideri Mixail Qorbaçov da daxil olmaqla liderlərlə dialoq fəaliyyəti həyata keçirib.

Yaponiyanın Baş naziri Kişida Fumio "X" sosial media platformasındakı paylaşımında, "İkeda Yaponiyada və xaricdə sülh, mədəniyyət və təhsili təşviq etmək səyləri ilə tarixdə böyük iz buraxdı" ifadələrini işlədib.

Ana müxalifət partiyası olan Konstitusiya Demokratik Partiyasının lideri İzumi Kenta da öz bəyanatında İkedanın "digər ölkələrlə, o cümlədən Çinlə dostluq və xoşməramlılıq yaratmağı hədəflədiyini" bildirib.

13-cü əsr Buddist rahiblərinin "Niçiren" təlimlərinə əsaslanan Buddist təşkilatı Soka Gakkai Komeito siyasi partiyasının seçici bazasına təsiri ilə ölkə daxilində tanınır.

Komeito baş nazir Kişida Fumionun rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının koalisiya tərəfdaşıdır.