Lukaşenkonun həyat yoldaşı kimdir və niyə ictimaiyyət qarşısına çıxmır? - FOTOLAR
Belarus Prezidenti Aleksandr Lukaşenko şəxsi həyatını seçicilərin və jurnalistlərin gözündən, diqqətindən yayındırır. Buna baxmayaraq, mediada onun həyat yoldaşı ilə bağlı bəzi məlumatlar qorunub saxlanılıb.
TNS unian.net saytına istinadla xəbər verir ki, Lukaşenko rəsmi olaraq bir dəfə - Qalina Jelneroviç adlı xanımla evlənib. Əslində o, uzun illər Qalina ilə yaşamasa da, cütlük rəsmi olaraq boşanmayıb.
Jelneroviç 1955-ci ildə sadə belarus ailəsində anadan olub. Qalina gələcək prezidentlə məktəbdə oxuduğu Rıjkoviçi kəndində tanış olub. Aleksandr və Qalina Mogilyov İnstitutunun Tarix fakültəsinə birlikdə daxil olmaq qərarına gəliblər. Təhsil aldıqdan sonra ailə qurublar. Bu nigahdan Viktor və Dmitri adlı oğulları dünyaya gəlib.
Qalina Mogilyova köçdükdən sonra məktəbdə işləyib. Lakin o, böyük oğlunun xəstəliyi ilə əlaqədar tezliklə oranı tərk edib.
Bir müddət sonra qadın uşaq bağçasında çalışıb.1998-ci ildə Mogilyov Vilayət İcraiyyə Komitəsinin əhalinin sağlamlaşdırılması şöbəsinin müdiri olub. Onun indi nə ilə məşğul olduğu məlum deyil.
Qalina və Aleksandr uzun müddətdir ki, birlikdə yaşamırlar. Üstəlik, qadın, demək olar ki, həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxmır. Birinci xanım kimi o, yalnız bir dəfə - 1994-cü ildə İsrailə işgüzar səfər zamanı Lukaşenkonu müşayiət edib.
Siyasətçinin ailə problemlərinin səbəbi məlum deyil. Lakin 2020-ci ildə seçkilər zamanı Belarus Mərkəzi Seçki Komissiyası Qalinanın prezidentliyə namizədin həyat yoldaşı kimi bəyannamə məlumatlarını dərc edib. Bu, nikahın hələ də rəsmi olaraq ləğv edilmədiyini göstərir.