Almaniya televiziyasından etiraf - Erməniləri Qarabağdan qovmurlar

Almaniyanın ictimai televiziyası ZDF Qarabağda etnik təmizləmə ilə bağlı məlumatı təkzib edib.
TNS xəbər verir ki, ZDF-nin müxbiri Sebastian Ehm səhər xəbərlərində bölgədəki vəziyyətlə bağlı məlumat verib.
O, teleaparıcı Dunya Xəyalinin “İnsanlar öz istəyi ilə gedirlər, yoxsa hələ də qovulurlar?” sualına belə cavab verib.
“Eşitdiyimiz hər şeyi, o cümlədən ermənilərin bölgəni tərk etməklə bağlı söhbətləri də nəzərə alaraq deyə bilərik ki, Azərbaycan ordusu silahla ermənilərin evlərinə girməyib və insanları qovmayıb. BMT-nin Ermənistandakı nümayəndəsi də bunu təsdiqləyib”.
Jurnalistin fikrincə, ermənilər seçim qarşısında qalıblar: ya Azərbaycan vətəndaşı kimi Azərbaycanda qalmaq, ya da getmək. Qarabağda yaşayan ermənilərin əksəriyyəti ikinci variantı seçərək Ermənistana gediblər. Onlar Azərbaycanın ölkədə qalmaq və bu dövlətin vətəndaşı olmaq təklifini qəbul etməyiblər.
Dünya Xəyali həmçinin, Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu qeyd edib.
“Azərbaycan Qarabağda böyük infrastruktur layihələri həyata keçirir və on minlərlə azərbaycanlının regiona köçürülməsini planlaşdırır”,- Sebastian Ehm əlavə edib.