Close

İki sərxoş turist Eyfel qülləsində gecələdi - Paris qarışdı

Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsinə içkili halda bilet alıb içəri girən iki ABŞ turistinin yatdıqları üçün burada bir gecə qapalı qaldığı açıqlanıb.

TNS Fransa mətbuatına istinadən xəbər verir ki, qülləni idarə edən "Sete" şirkətinin təhlükəsizlik işçiləri, səhər ziyarət saatına yaxın qüllənin ictimaiyyətə bağlı hissəsində yatıb qalmış iki nəfər olduğunu gtörüblər. Təhlükəsizlik əməkdaşları yanğınsöndürənlərin köməkliyi ilə 2 amerikalını qüllədən çıxararaq Parisdə bir polis bölməsinə təhvil veriblər.

Polis mənbələri bildiriblər ki, ABŞ-dan gələn 2 turist daxil olduqları qüllədən çıxmaq istəyərkən baryerləri aşaraq ikinci və üçüncü mərtəbələr arasındakı qadağan zonaya daxil olublar. Daha sonra da burada yuxuya gediblər. Digər tərəfdən, qüllənin operatoru bu həftə həmin şəxslər barəsində cinayət işi açılacağını bildirib. Şirkət hadisə ilə əlaqədar qüllənin 1 saat gec açıldığını bildirib. Fransa mətbuatı prokurorluğun həmin şəxsləri təhlükəli olmadıqları üçün sərbəst buraxdığını bildirib.

Avqustun 12-də iki əsassız bomba təhdidindən sonra Eyfel qülləsi təhlükəsizlik məqsədi ilə iki dəfə boşaldılmışdı. Avqustun 14-də Parisdəki 3 polis bölməsinə qüllədə bomba olduğunu bildirən bildiriş məktubu göndərilsə də, "Sete" firması təhlükəsizlik zəifliyinin olmadığını əsas gətirərək bölgəni boşaltmaqdan imtina etmişdi.