Putinin “aşpaz”ından üsyançıların liderinə çevrilən Priqojin kimdir? - FOTO

Rusiyanın muzdlu qruplaşması olan “Vaqner” Putinə və dövlətə qarşı üsyana başlayıb. Putin tərəfindən “satqın” elan edilən “Vaqner” lideri Priqojinin həyat hekayəsi maraq doğurub.
TNS Priqojinin Putinin "aşpaz"lığından tutmuş bütün dünyada rezonans doğuran üsyana rəhbərlik etməsinə qədərki həyat hekayəsini təqdim edir.
Yevgeni Priqojin də Rusiya Prezidenti kimi Sankt-Peterburqda doğulub. Putinə yaxınlığı ilə bilinən Priqojinin restoranları və iaşə müəssisələri var. O, Rusiya liderinin mühüm şam yeməyinə ev sahibliyi etdiyi üçün “Putinin aşpazı” kimi tanınıb.
Priqojinin tərcümeyi-halında ən diqqət çəkən məqam həbsxana illəri olub. O, 1979-cu ildə hələ 18 yaşında olarkən oğurluqda təqsirli bilinib. 2,5 il həbs cəzasının icrası təxirə salınıb. Priqojin bu dəfə iki ildən sonra yenə oğurluq və soyğunçuluq ittihamı ilə 13 il həbs cəzasına məhkum edilib. O, 9 il dəmir barmaqlıqlar arxasında qalıb.
Həbsdən çıxandan sonra o, Sankt-Peterburqda “Hot-doq” satmağa başlayıb. Priqojin bu biznes üçün şəbəkə stendləri açıb və bir neçə ildən sonra şəhərdə dəbdəbəli restoranların sahibi olub. Bu restoranlar sayəsində o, Rusiyanın zənginləri və elitası ilə tanış olub, həmçinin Neva çayı üzərindəki qayığı dəbdəbəli restorana çevirib. Bu restoran Vladimir Putinin sevimli məkanlarından biri sayılıb. İş o yerə çatıb ki, Putin prezident olanda həmin restorana nahara xarici qonaqları gətirməyə başlayıb.
2014-cü ildə məlum olub ki, Priqojin sadəcə sıradan bir iş adamı da deyil. Rusiya-Ukrayna münaqişəsinin ilk vaxtlarında Priqojinin yaratdığı “Vaqner” adlı qrupun muzdluları Donbassda vuruşmağa başlayıb.
Priqojin qrupu yaradan zaman nasist Almaniyasından ilhamlanıb. “Vaqner” Kremlin məqsədlərinə çatan qüvvəyə çevrilib. Bu, təkcə Ukraynada deyil, bütün Afrikada da təsirli olub. Suriyada Bəşər Əsəd rejimini dəstəkləyərkən, Fransanın Malidəki təsirini azaltmaq üçün də fəaliyyətlər həyata keçirib.
Priqojin Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialarda da əsas fiqurlardan olub. Rusiya Hillari Klintonun kampaniyasına zərər vurmaq, Donald Trampın populyarlığını artırmaq və ABŞ-da siyasi və sosial münaqişələri qızışdırmaq məqsədilə internetdə və sosial mediada sui-qəsd nəzəriyyələrini yaymaqda ittiham olunur. Bu işin baş ofisi Sankt-Peterburqda yerləşən internet axtarış agentliyi tərəfindən həyata keçirildiyi bildirilib. Priqojin sonradan bu agentliyi qurduğunu və inkişaf etdirdiyini etiraf edib. Seçkilərə müdaxilə iddialarına görə ABŞ tərəfindən embarqo siyahısına salınıb.
Yevgeni Priqojinin adı Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu ilə daha tez-tez çəkiləməyə başlanıb. O, “Vaqner”in bu müharibədə rolunun artması fonunda açıqlamaları ilə gündəmə gəlib. Bir müddət sonra məlum olub ki, Priqojinin rus ordusu ilə münasibətləri gərgindir. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu “Vaqner” qrupunu kifayət qədər sursatla təmin etməməkdə ittiham edib. Bu gün isə gərginlik artıq pik həddə çatıb. Priqojin və onun qrupu dünən axşam saatlarından etibarən Rusiya hökumətinə qarşı üsyana başlayaraq dünya gündəmini sarsıdıb.