Bu ölkə “Wikipedia”nı blokladı

Pakistan təhqiredici və ya “küfr məzmunlu” materialları silməkdən imtina etdiyi üçün “Wikipedia” onlayn ensiklopediyasını bloklayıb.
TNS “The News” qəzetinə istinadən xəbər verir ki, Pakistan Telekommunikasiya Təşkilatı (PTA) “Wikipedia”ya “küfr məzmunlu” informasiyanı bloklamaq və ya silmək üçün 48 saat vaxt vermiş, əks halda sayta girişin məhdudlaşdırılacağını bildirmişdi.
“Dawn” qəzetinin məlumatına görə, PTA sözçüsü Məlahət Obeid bildirib ki, “Wikipedia” tənzimləyici tərəfindən müəyyən edilmiş küfr məzmununu sildikdən sonra qərar nəzərdən keçirilə bilər.
Şənbə günü Wikimedia Fondu bununla bağlı bəyanat yayıb.
"Wikipedia hansı məzmunun daxil ediləcəyi və ya həmin məzmunun necə saxlanacağı ilə bağlı heç bir qərar qəbul etmir.
Ümid edirik ki, Pakistan hökuməti xalqının bilik əldə etməsi və dünya ilə bölüşməsi üçün Wikipedia və Wikimedia layihələrinə çıxışı tez bir zamanda bərpa edəcək”,- bəyanatda deyilir.