Close

Azərbaycanlı alimin beynəlxalq konfransda özbək dilində çıxışı böyük maraqla qarşılanıb

Avqusun 22-23-də Özbəkistanda “İnşaat mexanikası, hidravlika və su təsərrüfatı mühəndisliyi” mövzusunda beynəlxaıq elmi konfrans keçirilib.

TNS xəbər verir ki, Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri Milli Tədqiqat Universitetində keçirlən elmi konfransda AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev məruzə ilə çıxış edib.

Əlövsət Quliyev ölkələrimizin qardaşlıq əlaqələrindən, bu əlaqələrin ruhuna uyğun olaraq, Azərbaycan və Özbəkistan elmi müəssisələrinin, alimlərinin əməkdaşlığından danışıb. Alim məruzəsində hidravlika və su təsərrüfatı, kənd təsərrüfatında maşınqayırma, hidroenergetika, bərpa olunan enerji mənbələri, hidrotexnika sahələrində ən son nailiyyətlərdən, bu sahələrdə Azərbaycanda görülən işlərdən, ölkəmizin təcrübəsindən bəhs edib.

16

AMEA-nın müxbir üzvü deyib ki, o, sentyabr-oktyabr aylarında sıx elmi əlaqələri yaratmaq üçün Özbəkistana səfər etməyi planlaşdırır. O bildirib ki, Azərbaycan alimləri Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri Milli Tədqiqat Universiteti, Özbəkistanın bu sahələrlə əlaqəli nazirlik və qurumları ilə sıx əlaqələr qurmağa hazırdır.

Universitetin rektorunun dəvəti ilə konfransa onlayn qoşulan alimin özbək dilində məruzəsi böyük maraqla və alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı hər iki ölkənin lideri Azərbaycan və Özbəkistan türkcəsində danışmışdı. Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil edilən qəbulda Özbəkistanın sənət adamları ilə görüş zamanı Prezident İlham Əliyev demişdi: “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz”.