Close

“İşğaldan azad olunan ərazilərdə tədqiqatlar davam etdirilməlidir”

“İşğaldan azad olunmuş ərazilərdə radiasiya fonu əsasən yol verilən həddi aşmır”.

Bunu TNS-ə müsahibəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru, professor İslam Mustafayev deyib.

Professor bildirib ki, Radiasiya Problemləri İnstitutu ilə bərabər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədqiqat qrupu, Geologiya və Geofizika İnstitutu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nüvə tədqiqatları Departamenti 44 günlük müharibə bitdikdən dərhal sonra tədqiqatlara başlayıb: “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın yerinə yetirilməsi üzrə Fövqəladə hallar Nazirliyinin koordinatorluğu ilə 2023-2024-cü illərdə geniş tədqiqatlar aparılıb. İşğaldan azad olunmuş ərazilərdə radiasiya fonu əsasən yol verilən həddi aşmır. Kəlbəcərin İstisu ərazisində nisbətən yüksək radiasiya fonu, bəzi termal su bulaqlarında radonun konsentrasiyasının yüksək qiymətləri müşahidə olunub. Bu radioekoloji vəziyyət ətraf mühit və orada yaşayan əhali üçün ciddi təhlükə yaratmır”.

İslam Mustafayev vurğulayıb ki, həmin ərazilərdə istismar olunan mədənlərdə ətraflı radioekoloji monitorinqin aparılmasına ehtiyac var: “Bütövlükdə tədqiq olunmuş ölkə ərazilərində radioekoloji vəziyyət normaldır. Amma tədqiqatlar davam etdirilməlidir”.

Qeyd edək ki, baş direktorla müsahibənin davamını yaxın günlərdə TNS-də təqdim edəcəyik.

Aygün