Close

Cəzadan azad olunmuş bu şəxslər müavinət ala bilərlər

“Əhf sərəncamı” ilə cəzadan azad edilən vətəndaşlar da ehtiyacları olduğu təqdirdə birdəfəlik müavinət ala bilərlər.

Bunu TNS-ə açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, cəzadan azad edilmiş və sosial tibbi qayğıya ehtiyacı olan hər bir şəxs müraciət edərək birdəfəlik müavinəti almaq hüququ əldə edə bilər: “Cəzanın qalan hissəsindən azad edilmiş vətəndaşlarımız arasında da, əgər sosial və tibbi qayğıyaya ehtiyacı olanlar varsa, bu halda birdəfəlik müavinəti almaq imkanına malikdirlər. Müavinət qısa zamanda vətəndaşlara ödənilir. Hazırda müavinət üçün həm müraciət, həm bütövlükdə müraciətə baxılması və ödənilməsi prosesi sadələşib. Birdəfəlik müavinəti almaq hüququ olan hər bir vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uyğun qurumlarına müracət etməklə məhz həmin vəsaiti əldə edə bilərlər”.

Deputat qeyd edib ki, cəzadan azad olunmuş vətəndaşların cəmiyyətə inteqrasiyası ilə bağlı həm dövlət, həm də qeyri-hökumət təşkilatları fəal iş aparırlar: “Bu insanların cəmiyyətə inteqrasiyası, yenidən mövqe tutması vacibdir. Onların həm işlə təmini, həm də psixoloji və digər xidmətlərlə bağlı ehtiyacı olarsa, nəinki dövlət qurumları, hətta bir sıra qeyri-hokumət təşkilatları tərəfindən də dəstək həyata keçirilir. Növbəti illərdə bu istiqamətdə göstərilən xidmətlər daha da genişlənəcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən TNS-ə verilən məlumata görə, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilən müavinətin məbləği 1380 manatdır.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

O da vurğulanıb ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilə bilər.

Aygün