"Saat 18:00-a kimi xəstə qəbul edir, sonra əməliyyata başlayır"

"Həkimlər çox işləyirlər. Xüsusilə, özəl tibb müəssisələrində. Bir çox həkimlər, cərrahlar saat 18:00-a qədər xəstə qəbul edirlər. Bu saatdan sonra isə əməliyyata başlayırlar. Bəzən gecə saatlarına qədər əməliyyatda olurlar".
TNS xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, insan 8 saatdan sonra həm fiziki, həm də psixoloji baxımdan yorulur:
"Yəni, onun səhv etmək imkanları çox böyükdür. Əməliyyat zamanı səhv etmək, dəqiq olmamaq imkanları mümkündür. Hesab edirəm ki, iş vaxtından sonra yalnız təcilidirsə, əməliyyata icazə verilməlidir. Görürük ki, həkimlər bütün əməliyyatları əksər hallarda saat 18:00-dan sonraya salırlar. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə deyirlər ki, sən hansı xəstəlikdən şübhələnirsənsə, yalnız həmin xəstəlik üzrə tibbi müayinəyə göndərə bilərsən. Həkim bir neçə xəstəlikdən şübhələnə bilər. Özüm həkim olmasam da, ailəmizdə həkimlər çoxdur. Onlar özləri də söyləyir ki, bu halda xəstənin vaxtını alırıq. Məsələn, analiz verir, görürük ki, qan analizləri yerindədir. Başqa bir şeydən şübhələnirik, bir də təkrar yazıb göndəririk. İcazə vermirlər ki, lazım olan analizlərə göndərsinlər. Bu məsələ ilə bağlı düşünmək lazımdır".
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, ağır əməliyyatları gündüz saatlarında etmək lazımdır: "Təcili gələn olur ki, gecə də çağırılar, bu da olmalıdır. Hansısa klinika bunu edirsə, baxmaq lazımdır. Yəqin ki, onların əməliyyatxana imkanları geniş deyil və s. Əgər mütəxəssis bütün günü xəstənin müayinəsi ilə məşğul olur, saat 18:00-dan sonra əməliyyata girirsə, bu, düzgün deyil".