Azərbaycanda daşqın gözlənilir? - VİDEO

Azərbaycanda yağıntı normadan 3 dəfə artıq yağıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 2025-ci ilin aprel ayı ərzində əksər bölgələrdə aylıq normadan çox yağış yağıb. Ay ərzində ən çox yağıntı Quba-Qusar və Abşeron yarımadasında qeydə alınıb. Düşən yağıntının miqdarı aylıq normanın üç mislini aşıb. Bu isə dağlıq ərazilərdə qarın əriməsi ilə paralel olaraq çay hövzələrində suyun səviyyəsini yüksəldib.
TNS Xezerxeber.az-a istinadla xəbər verir ki, mövzu ilə bağlı danışan ekoloq Rövşən Abbasov bildirib ki, ölkəmizdə yaz-payız aylarında çayların daşması xarakterik haldır. Hətta son günlər Sabirabad, Salyan və Zərdab rayonunun bir çox yerində Kürün səviyyəsinin kəskin artımı müşahidə olunmaqdadır.
Rövşən Abbasov bildirib ki, hazırda qıt sulu dövrdə olduğumuzdan insanlar çaylarda daşqın olmayacağı fikrinə gəlirlər. Lakin bunun periodik hadisə olduğu unudulmamalıdır.
Ekoloq bildirib ki, daşqın və qıtlıq hallarının qarşısının alınması üçün ölkəmizdə çoxsayılı su anbarları tikilib. Bu su anbarlarının isə çox effektiv tənzimlənməsi həyata keçirilməlidir. Yəni, gursulu dövrdən əvvəl su anbarları müəyyən proqnozlar əsasında boşaldılmalı, yuxarı hövzədən gələn suların orada yığılması üçün tutum yaradılmalıdır ki, su aşağıya buraxılmasın. Bəzən Azərbaycanda bu tutum olmur və məcburən suyu aşağı hissələrə buraxırlar. Bu da Kürün aşağı hissəsində subasma hadisələrinin baş verməsinə səbəb olur.
Daha ətraflı videoda: