Piyadalar da qəzaya belə səbəb olur - VİDEO

"Yol-nəqliyyat hadisələrinin baş verməməsi həm sürücülərdən, həm də piyadalardan asılıdır. Əks halda müşahidə kamerasının qeydə aldığı bu qəzadakı vəziyyət yaranır".
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
"Paytaxtın Xəzər rayonu, Qala-Pirallahı yolunda 2 gün əvvəl baş verən hadisə zamanı yolun hərəkət hissəsindən keçən piyada qəzadan son anda xilas oldu. Amma bu qəza sürücülərdən birinin xəsarət alması, minik avtomobillərinə, yol infrastrukturuna zərər vurulması və yolda nəqliyyat sıxlığının yaranması ilə nəticələndi. Yollarda sürücü və piyadalar diqqətli olmalı, qəza şəraiti yaratmamalıdırlar.
“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Piyada görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir.
Sürücülər isə yol hərəkəti şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidirlər. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun", - deyə məlumatda qeyd olunub.