Close

"Qurana əl basaram ki, oradan heç birimiz 1 manat belə qazanmamışıq"

"Mənim əsərlərimi hətta Ermənistanda da oxuyurlar". 

TNS xəbər verir ki, bunu "Lent.az"a müsahibəsində Xalq yazıçısı Çingiz Abdullayev deyib. 

Ç. Abdullayev onunla bağlı 15 il öncə deyilənləri xatırladıb: "15 il əvvəl bir rus jurnalı yazmışdı ki, bir insan bu qədər kitab yaza bilməz, 5 nəfər yığışıb yazır o kitabları. Dedim, bütün kitablarımı leksikonda yoxlamaq olar. Yoxlayın, əgər 1 kitabı belə mən yazmamışamsa, sizə 10 min dollar verəcəm. Yox, əgər mən yazmışamsa, siz mənə 1 rubl verib üzr istəyəcəksiniz. 3-4 ay keçdi, onların baş redaktoru Bakıya gəlmişdi. Slavyan universitetində 600 nəfərin qarşısında 1 rublu qaldırıb dedi ki, bütün kitabları Çingiz Abdullayev özü yazıb. Amma o 1 rublu vermədi (gülür). Mənim üslubum elədir ki, onu dəyişmək, səhv salmaq mümkün deyil". 

Ç. Abdullayev ona "Neftçi" futbol klubunun hazırkı vəziyyyəti ilə bağlı verilən suala belə cavab verib: "Bəli. Buna ürəyim ağrıyır. Səbəbləri çoxdur. Desəm, gərək kimisə pisləyim. Mən 6 il müşahidə şurasının sədri oldum. Mənim vaxtımda "Neftçi" 3 dəfə 2-ci yerə çıxdı. Bizim üzvlərimiz tanınmış adamlar idi: Fərhad Bədəlbəyli, Zaur Qəhrəmanov və sair.

Qurana əl basaram ki, oradan heç birimiz 1 manat belə qazanmamışıq. Bəlkə, əsas səbəb də bu idi... Biz futbolu fikirləşirdik, cibimizi yox. Bir dəfə "Neftçi"” uduzanda 2 gün oradan çıxmadım. Düşünürdük ki, necə edək "Neftçi"ni bu böhrandan çıxaraq. Kimin nə problemi var, həll edirdik. Kimisə orduya aparırdılar, zəng edib saxladırdım (futbolçuları nəzərdə tutur - red.). Ailəvi problemi olanların problemlərini həll edirdim. Hər futbolçu ilə ayrı-ayrı maraqlanırdım".