Close

"Dördüncülər" imtahan verdi

Mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunub.

Bu barədə TNS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

Paytaxtda monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın IV sinif şagirdi biliyini sınayıb.

IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 150 dəqiqə vaxt verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə monitorinq prosesini izləyib.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə IV sinif üzrə 3 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

Qeyd edək ki, mayın 18-də ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq keçiriləcək.