Close

Bunun qarşısını almaq üçün toplardan istifadə oluna bilər - TƏKLİF

Son bir-iki ildir ki, ölkə ərazisində yağan leysan, dolu kənd təsərrüfatına, insanların zəhmətlə əkib-becərdiklərinə ciddi ziyan vurur.

Kənd yerlərində insanlar bir il ərzində çalışır, zəhmət çəkir ki, ağacların meyvəsini satıb ehtiyaclarına xərcləsin. Yaz fəslində yağan güclü dolu alça, gilas, ərik kimi meyvə ağaclarına ciddi ziyan vurur, yetişmədən meyvələri tələf edir. Ötən günlərdə Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində yağan güclü dolu yenə də kəndlinin qanını qaraldıb. Dolu nəinki yerə vurulan tərəvəz ştillərini, ağaclardakı meyvələri də məhv edib.

Yağış, dolu təbiətin hadisəsidir. Amma müasir dövr elədir ki, insanlar istəsə, bunun da çarəsini tapa bilər. Təsərrüfatla məşğul olan insanlar deyir ki, vaxtilə, yəni sovet dövründə xüsusi toplar vasitəsilə dolunun yağmasının qarşısı alınıb. Bu gün bu üsulun tətbiq olunmasına ehtiyac yoxdurmu?

Məsələ ilə bağlı TNS-ə danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev bildirib ki, artıq quraqlıqla vidalaşdığımızı deyə bilərik:

“Yəqin ki, növbəti illərimiz daha yağıntılı, rütubətli keçəcək. Naxçıvan Muxtar Respublikasına son illərdə illik normadan 40 faiz artıq yağıntı düşür. Azərbaycanın digər ərazilərində, hətta Bakıda da yağıntılar artıb. Şəhər yaşıla bürünüb”.

Yağan güclü yağış və dolu ilə mübarizə üsullarından bəhs edən şöbə müdiri bildirib ki, vaxtilə buludları dağıtmaqla zərərin qarşısı alınıb: “Xüsusi toplar qoyulurdu və onların vasitəsilə buludlara kimyəvi maddələr vurulurdu.

Nəticədə buludların kondensasiya (birləşməsi) prosesi pozulurdu. Ona görə də güclü, zərər verən yağışlar və dolu yağmasının qarşısı alınırdı. Amma indi bu işlər yoxdur, ləğv olunub. Yəqin ki, artıq bu barədə fikirləşmək lazımdır. Çünki yağan güclü leysan və dolu təsərrüfatlara ciddi ziyan vurur. Bulud dağıdan topların bu zərərin qarşısının alınmasında böyük rolu olar. Çünki vaxtilə kifayət qədər faydalı olurdu”.

Aygün